30.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyası Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş foto-sərgisi nümayiş etdirmişdir.
Qalereyanın direktoru Çinarə Abdullazadə məlumat verərək bildirmişdir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.