15.03.2023
Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Chinar Hotel & SPA Naftalanda şəhid və qazi ailələri ilə “ilaxır çərşənbə” bayramı münasibətilə tədbir təşkil olunub. Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən icra başçısı qeyd edib ki, xalqımızın zəngin milli dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı milli varlığın rəmzinə çevrilib. Heydər Əliyev İlində təntənəsi, inkişafı Ulu Öndər Heydər Əliyevin adıyla bağlı olan bu bayramı birlikdə qeyd etməyimiz əlbəttə ki, iki qat bayramdır.
Həmçinin, qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonrada millətimiz daha böyük uğurlara və qələbələrə imza atacaqdır.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Azərbaycan Respublikasının xalq artisti Şahnaz xanım Haşımova, Goranboy rayon Uşaq İncəsənət məktəbinin “Cahid” rəqs ansamblı, Goranboy rayon Qızılhacılı Uşaq Musiqi məktəbinin şagirdi və Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş Muğam Müsabiqəsində Qran-Pri mükafatına layiq görülmüş Tunar Salahov, Gəncə Dövlət Dram Teatrın aktyorları Keçəl və Kosa obrazında konsert proqramı ilə çıxış ediblər
Həmçinin, hotelin həyətində icra başçısı Şəhid və qazi övladları ilə birgə ağac əkiblər.
Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti, Keçəl və Kosanın şən zarafatları tonqal ətrafına yığışan uşaqlar tərəfindən böyük coşğu ilə qarşılanıb, uşaqlarda xoş bayram əhval ruhiyyəsi yaradıb.
Şəhid ailələri və qazilər ölkədə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnnətdarlıqlarını ifadə edərək respublikanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya uğurlar arzulayıblar.
Sonda Şəhər İcra Hakimiyyəti və “Chinar Hotel & SPA Naftalan” tərəfindən bayram hədiyyələri təqdim edilib, birgə xatirə şəkli çəkilib.