13.03.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Məşədiqaralar kənd Sənətkarlıq Evində "Zəfər müjdəli Novruzun mübarək Azərbaycan" adlı bayram tədbiri keçirilmişdir.
Keçirilən tədbirdə Boluslu Icra Numayendeliyi, birinci Qarabağ müharibəsinin şəhid ailəsi, Qala Idman Klub MMC-nin icraçı direktoru, Səfikürd Kənd Sənətkarlıq Evi, Rayon Mədəniyyət Mərkəzi, Balakürd kənd Mədəniyyət Evi, Veyisli, Nərimanlı, Eyvazlılar kənd Klubları, Məşədiqaralar kitabxana filialının əməkdaşları, kənd sakinləri iştrak etmişdir.
Sənətkarlıq Evinin həyətində Novruz adət-ənənələrini əks etdirən qədimi əşyalar, əl işlərindən ibarət sərgi, Novruz tonqalı təşkil edilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Tədbiri giriş sözü ilə açan Sənətkarlıq Evinin direktoru Rəsmiyyə Paşayeva qonaqları salamlayaraq təbrik etdi.
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır.
Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb deyə R. Paşayeva bildirmişdir.
Tədbirdə çıxış edən İcra Nümayəndəsi Şəmsi Ziyadov bildirmişdir. Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın Ümummilli Lideri Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır.
Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Çıxış edən sahibkar Elsevər Aslanov Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran, onun ölkəmizdə daim yüksək səviyyədə keçirilməsinə şərait yaradaraq yaddaşlardan silinməsinə imkan verməyən Ümummilli Liderimizin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqlımızın dövlətimizin başçısının ətrafında bir yumruq kimi sıx birləşdiyini sübut edir deyə bildirmişdir.
Bu il Novruzu ikiqat bayram ovqatında, böyük Zəfər ruhu ilə qeyd edirik deyə mədəniyyət işçisi Elçin Tağıyev çıxış edərək bildirmişdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan Qarabağımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Bu tarixi Zəfər sayəsində milli ruhumuzun, mədəni irsimizin təntənəsi olan Novruz da doğma Vətən torpaqlarına qayıdır.
Otuz ildən sonra Qarabağda, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Novruz tonqalları qalanır, doğma yurdumuzdan Bahar bayramının ətri, nəfəsi gəlir. İşğaldan azad olunmuş bütün torpaqlarımız yaxın gələcəkdə bu nəfəsi hiss edəcək, xalqımız əzəli yurd yerlərində əziz bayramı yenə də böyük təntənə ilə qeyd edəcək.
Bu günlər yeni tariximiz üçün əlamətdar bir ilkdir. Müstəqillik tariximizdə üçüncü ildir ki, Novruzu ərazi bütövlüyü təmin olunmuş ölkə, qalıb xalq olaraq qeyd edirik. Qoy bu bayram xalqımızın yeni xoş günlərinin, gələcək uğurlarının müjdəçisi olsun. Vətən torpaqlarında ocaqlarımız heç vaxt sönməsin. Sarsılmaz birliyimiz əbədi olsun deyə E. Tağıyev bildirmişdir.
Daha sonra çıxış edən Mədəniyyət işçiləri Novruzun gəlişini tərənnüm edən al-əlvan plakatlarla bəzədilmiş parkda keçirilən bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib deyə bildirmişlər.
Sonda Novruz tonqalını birinci Qarabağ müharibəsi şəhidi Elnur Binnətovun qardaşı Cəlal Binnətov alovlandırdı.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Alovlandırılan Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılandı.