13.03.2023
10.03.2023 cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi şəhər Mədəniyyət evində Milli teatr günü ilə əlaqədar "Teatrımızın tarixinə səyahət edək" adlı dəyirmi masa keçirilib.Tədbirdə qeyd edilib ki, Azərbaycan milli teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır. Azərbaycan xalq teatrı yarandığı zamandan realist özəllik daşımışdır. Əsası 1873-cü ilin mart ayında M.F.Axundovun "Lənkəran xanın vəziri" tamaşası ilə qoyulmuş Azərbaycan teatrı keşməkeşli illər yaşayaraq zamanın mühakiməsində təsdiqini tapmışdır. Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidmətləri olmuş sənətkarlar nəslinin formalaşması xalqın ictimai şüurunun yüksəlməsində müstəsna rola malik oldu. Bakıda ilk dəfə olaraq "Artistlər ittifaqı" yaradılması peşəkar teatrın inkişafına yol açmış oldu. Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunmaqla yanaşı, rus və Qərbi Avropa dramaturqlarının əsərlərinə meydan verildi. V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer, N.V.Qoqol, İ.S.Turgenev, L.N.Tolstoy kimi klassiklərinin əsərləri ilə teatr səhnəmiz zənginləşdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq qaldı.