09.07.2018
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 9 iyul 2018-ci il tarixdə görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illiyi münasibətilə “Səni kim unudar” mövzusunda söhbət - sərgi keçirildi. Tədbirdə 39 saylı orta məktəbin müəllim və şagirdləri iştirak edirdilər. 16 saylı kitabxananın müdiri Lyudmila Axundova qeyd etdi ki, Mikayıl Müşfiqi oxuculara tanıdan onun şerləri olmuşdur. Əslində isə Mikayıl Müşfiqin şerləri onun tərcümeyi halıdır, onun yaradıcılığını oxuduqca, böyük şairin həyatı oxucunun gözlərində canlanır. Müşfiqin şerlərində onun ovqatı, sevinci, kədəri və iztirabı əks olunub. Tədbirdə iştirak edən 39 saylı məktəbin dil-ədəbiyyat müəlliməsi Sevda Məmmədova öz çıxışında bildirdi ki, Mikayıl Müşfiq poeziya aləmində ildırım kimi çaxdı, şimşək kimi parladı.Sonra bu parıltı günəşə çevrildi və hələ də parlamaqdadır.Hələ min illər belə parlayacaqdır.Müşfiq, onun işıqlı siması qəlblərdə yaşayır, onun ürək çırpıntıları insanı riqqətə gətirən şerləri könüllərdə yaşayır, hər gün biz onun sözlərini eşidir, sözlərinə yazılmış musiqilərə qulaq asırıq. Deməli Müşfiq unudulmur, bizimlə yaşayır. O bizdən sonra gələn nəsillərlə də bir yerdə yaşayacaqdır. Məktəblilər şairin şerlərindən parçalar söylədilər, sonda “Mikayıl Müşfiq-100”adlı sərgi ilə tanış oldular.