01.03.2023
28.02.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd kitabxana filialının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Tarix yaradan insan" başlığı altında dəyirmi masa keçirildi.Tədbirə Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlanıldı.Sərkar kənd kitabxana filialının müdiri Gülşən Əliyeva tədbirə bu sözlərlə başladı.Dünyanın tarixini yazan və yaradanlar isə insanlardır.Tarixi yaradanlar olmasaydı onu yazanlar da olmazdı qənaəti məhz bundan yaranır.Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.İlk olaraq o, öz həyatının, ömrünün tarixini yaradıb. Kitabxanaçı Sahilə Hümbətova çıxışında vurğuladı ki, əgər Ulu Öndər həyat yolunu düzgün seçib istiqamətləndirməsəydi, özünün şəxsi, ailə və cəmiyyət həyatında mövqeyini qiymətləndirməsəydi, bu yolda qətiyyətli addımlar atmasaydı, o ümumxalq məhəbbəti qazanıb, bəşəriyyətin qəlbində əbədiləşə bilməzdi. Sərkar kənd tam orta məktəbin tarix müəlliməsi Aynurə Qəhrəmanova çıxışında Heydər Əliyevin şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrlərinin gərgin zəhmətlə keçdiyini bildirdi. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi sonrakı zamanların uğurları qazanılmazdı. Rəhbərin həyatının səhifələri qeyri-adi, çoxlarına mümkünsüz görünən, qəhrəmanlara xas olan hadisələrlə xarakterikdir. Sovetlər dövründə milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da bu sistemdə şərəfli həyat yolu keçib, öz fəaliyyəti, çoxlarına xas olmayan xeyirxahlığı, vətənpərvərliyi ilə şəxsiyyətini tarixiləşdirib.O, öz ailəsinə, həyat yoldaşı, unudulmaz Zərifə xanıma olan məhəbbəti, sevgisi münasibəti ilə müqəddəs bir ailənin tarixini yaradıb. Bu müdrik insan ailə həyatı üçün nəinki varından, dövlətindən, vəzifəsindən, hətta canında belə keçməyə hazır olduğunu sübut edib. Kitabxananın fəal oxucusu Fərqanə müəllimə çıxışını Heydər Əliyevin Zərifə xanımla bağlı xatirələri, söhbətləri, duyğuları ülvi olduğu qədər ibrətamiz olduğunu, Həyəcanlı olduğu qədər doğma, əziz, müqəddəsliyini, bu sevgi ilahi hisslərlə zəngin olduğu kimi, bəşəri dəyərləri ilə də ali və əbədi olduğunu söylədi. Sonda kitabxananın məktəbli oxucuları “Heydər babanın nəvələriyik “adlı şeir söylədilər.