28.02.2023
28.02.2023- cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində görkəmli teatr və kino xadimi, Xalq Artisti Sofa Bəsirzadənin 105 illiyinə həsr edilmiş "Sənətkarlar unudulmur" adlı tədbir keçirilib. Tədbirdə xalq artisti Sofa Bəsirzadənin həyat və yaradıcılığı haqqında geniş məruzələr oxunub.Qeyd edilib ki, Sofa Bəsirzadə 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində dünyaya gəlib. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə qəbul olunan sənətkar Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizodik rollarda çıxış edib. Üçüncü kursda tələbə-aktrisa kimi teatrın aktyor truppasına qəbul olunub. Ümumilikdə 100-dən çox tamaşada müxtəlif obrazlar yaradıb.Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər.Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb. Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası heyranlıq doğurub.Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 28 fevral 1918-ci ildə Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb və Sofiya xanım azəri türkcəsini mükəmməl öyrənib. Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr 1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına qəbul edilib.Yüzdən çox obrazın ifasında səhnəyə çıxan Sofa Bəsirzadənin Nisə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə ("Oqtay Eloğlu", "Od gəlini", "Yaşar", "Dönüş" və "Solğuri çiçəklər", Cəfər Cabbarlı), Nina, Rübabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid) və s. rolları ifadə vasitələrinin zənginliyi baxımından seçilirlər. Sofiya Bəsirzadə ondan artıq bədii filmə çəkilib. Ömrünün son illərini o Bakı Bələdiyyə teatrında çalışıb. Aktrisa 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.