25.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qazanbulaq qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədar “Əsrin ən dəhşətli faciəsi” adlı anım tədbiri keçirilmişdir. Keçirilən tədbirdə Şəhid ailələri, Qazilər, Qazanbulaq Qəsəbə İcra Nümayəndəliyi, Qazanbulaq qəsəbə Kitabxana Filialının, Alpout, Qurbanzadə kənd Klublarının nümayəndələri, ziyalılar və şagirdlər iştrak etmişdir. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Qəsəbə icra nümayəndəsi Eldar Abdullayev çıxış edərək bildirmişdir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Otuz ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Tədbirdə çıxış edən Mədəniyyət işçisi Elçin Tağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı deyə vurğulamışdır. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi.
30 illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib deyə E. Tağıyev bildirmişdir. Çıxış edən ictimaiyyətçi Rəhman Səfərov bildirmişdir. Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən insanların göstərdiyi böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu. Sonda Qazanbulaq qəsəbə Mədəniyyət Evinin foyesində Xocalı dəhşətlərini əks etdirən foto-sərgiyə baxış keçirilmişdir. Anım tədbiri Mədəniyyət Evinin təşkilatçılığı ilə məktəblilərin hazırladıqları kompozisiya ilə davam etdirilmişdir.