Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bəşəriyyətə qarşı amansız cinayət – Xocalı Soyqırımı” mövzusunda tədbir keçirilib

24.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı 26 fevral Xocalı Soyqırımı ilə əlaqədar “Bəşəriyyətə qarşı amansız cinayət – Xocalı Soyqırımı” mövzusunda tədbir keçirib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri və kollektivi, Kəlbəcər rayon 109 nömrəli orta məktəbin direktoru, müəllimləri və 6,7,8-ci sinif şagirdləri iştirak ediblər.

Mərkəzin direktor əvəzi İlknur İsgəndərova tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu, çoxşaxəli fəaliyyətini və Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verib.

Tədbirdən əvvəl Xocalı faciəsinin qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin aparıcısı 16 №-li kitabxana filialının müdiri Mirvari Cəfərova erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələri haqqında məlumat verib.

Mərkəzin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək qeyd edib ki, illər ötsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, soydaşlarımız vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq işgəncələrə məruz qalıblar. Minlərlə arxeoloji, tarixi-memarlıq abidələri dağıdılıb, milli-mənəvi dəyərlərimiz vandalcasına məhv edilib. Məhz Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü” haqqında” qərar qəbul edib və BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov öz çıxışında Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırıldığını vurğulayıb. Sədr bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı cinayət törədib. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı. Heydər Əliyev Fondunun həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda təşkil etdiyi silsilə tədbirlər vasitəsilə dünya Xocalı soyqırımı haqqında həqiqətləri öyrənir.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov, Kəlbəcər rayon 109 nömrəli orta məktəbin müəllimləri Şikar Baxışov, Çinarə Eyvazova, Mərkəzin elmi işçisi Gülər Ellazova və 16 №-li kitabxana filialının böyük kitabxanaçısı Günel Əliyeva öz çıxışlarında qeyd ediblər ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi göründüyü kimi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu haqda öz fikrini Heydər Əliyev belə ifadə etmişdir : “1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik”. Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzaladı. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. Onlar Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin xüsusi rolunu qeyd ediblər. Tədbirdə mərkəzin elmi işçisi Gülər Ellazova Şəhidlərə həsr etdiyi “Şəhadətin zirvələri” şeirini söyləyib.

Tədbirin sonunda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialının Xocalı faciəsinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

 

661.3 KB