Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Unudulmayan tarix Xocalı” adlı tədbir keçirilib

23.02.2023

22.02.2023-ci il tarixində Nizami Gəncəvi adına Gəncə şəhər Tarix - Diyarşünaslıq Muzeyində 26 Fevral Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar “Unudulmayan tarix Xocalı” adlı anım tədbiri keçirilmişdir.

Tədbirdə mədəniyyət işçiləri, Gəncə şəhər Mirzə Şəfi Vazeh adına 16 saylı orta məktəbin müəllim və şagirdləri, tələbə gənclər iştirak etdilər. İlk öncə Xocalı faciəsində, Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda və qardaş Türkiyədə dəhşətli zəlzələ nəticəsində həyatlarını itirmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tarix Diyarşünaslıq Muzeyinin bələdçisi Mələk Qurbanova “Xocalı tarixin gözü ilə” adlı məruzə ilə çıxış etdi. O Xocalı faciəsinin tarixi , baş verməsinin siyasi səbəbləri haqqında geniş məruzə edərək bildirdi ki, bu hadisə nəinki Azərbaycan tarixinin eyni zamanda bəşər tarixinin böyük bir faciəsi, Azərbaycan-Ermənistan münaqişəsi zamanı xalqımıza vurulan ən böyük zərbə idi. Qeyd etdi ki, bu faciə törədilməklə humanitar hüququn bütün maddələri kobud şəkildə pozulmuşdur. Sonra Xocalı Yaloba kənd Tarix- Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi Mirəli Mirzalı ”Xocalı qan yaddaşımızdır” adlı məruzə ilə çıxış etdi. O, Xocalı sakini olaraq valideynlərinin və qohumlarının başlarına gələn müsibətlərdən danışdı. Sonda Xocalıya qayıdacağı günü səbrsizliklə gözlədiyini qeyd etdi. 4 –cü kurs tələbəsi Tural Əsgərov müəllifi Çingiz Mustayev olan “Ana, mən şəhid oldum” mahnısını gitarada ifa etdi. Sonra 5-ci sinif şagirdi Zeynəb Namazova şair Sərdar Zeynalın “ Xocalı” şeirini danışdı. Gəncə şəhər Tarix - Diyarşünaslıq Muzeyinin elmi işçisi Fidan Böyükbabalı bir ailənin faciəsi timsalında özünün qələmə aldığı “ Qanlı çərşənbə” hekayəsini tamaşaçıların diqqətinə çatdırdı. 11-ci sinif şagirdi Kərimbəy Kərimbəyli müəllifi Şəmistan Əlizamanlı olan “Cənab leytenant” mahnısını gitarada ifa etdi. Sonra əməkdar mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradov “Xocali ağıları” adlı şeirini tamaşaçıların diqqətinə çatdırdı və çıxışının sonunda 44 günlük müharibənin xalqımızın tarixi bir zəfəri olduğunu vurğuladı. Tədbirin sonunda 5-ci sinif şagirdi Elxan Hüseynov şairə Sədaqət Əhmədovanın “ Azərbaycan” şeirini danışdı.

 

175.2 KB