Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

22.02.2023

21 fevral Beynəlxalq Ana dili günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

Gəncə Şəhər Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər sektorunun 99 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə Gəncə Şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

Mərkəzin elmi işçisi Gülər Ellazova tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən eksponatlar haqqında geniş məlumat verib.

Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Mərkəzin direktoru vəzifəsini icra edən İlknur İsgəndərova qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur. Bu gün istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, onunla fəxr etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi.

YAP Kəlbəcər rayon ƏPT sədri, məktəbin direktoru İsmət Nəcəfov qeyd edib ki, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Ümummilli Lider Heydər Əliyev ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Azərbaycanın dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dili Ulu Öndərin əvəzsiz xidmətləri sayəsində xalqın milli mənəvi sərvətinə çevrilərək ən yüksək inkişaf zirvəsini yaşamaqdadır.

YAP Kəlbəcər rayon Ərazi partiya təşkilatının sədr müavini Ülkər Şirinzadə Ulu Öndərin dilimizin inkişafı sahəsində atdığı addımlardan danışaraq bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsinin, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyev də var olacaq və bizimlə birgə yaşayacaqdır.

Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva, 16 nömrəli kitabxana filialının müdiri Mirvari Cəfərova və böyük kitabxanaçı Günel Əliyeva çıxış edərək XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafının, ümumişlək dilə, dövlət dilinə çevrilməsinin, diplomatiya aləminə yol açmasının, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsinin bilavasitə Heydər Əliyevin adı ilə bağlı olduğunu bildiriblər.

 

397.9 KB