22.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 21.02.2023- cü il tarixində K.D. Uşinski adına 29 nömrəli məktəblə birlikdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq “Milli varlığımızın ifadəsi” başlığı altında şeir gecəsi keçirtdi. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükütla yad etdilər. Oxu zalının müdiri Əfsanə Bağırova çıxış edərək 21 Fevral Beynəlxalq Ana Dili gününün yaranma tarixindən ətraflı məlumat verdi və bildirdi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Tədbirdə çıxış edən məktəbin təşkilat rəhbəri Vüsalə Məmmədova qeyd etdi ki, Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir, millətin formalaşmasında başlıca amillərdən biridir. Bu gün ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dilinin dirçəlişinə səbəb oldu. Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dili elan edildi və latın qrafikasına keçirildi. Tədbir məktəblilərin ana dilimizə həsr olunmuş şeir və musiqi nömrələri ilə davam etdi.