Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ömrünü Vətənə bağışlayan qəhrəman” mövzusunda anım günü keçirilib

08.02.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin 16№ - li kitabxana filialı  Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının 35 illiyi ilə əlaqədar “Ömrünü Vətənə bağışlayan qəhrəman” mövzusunda anım günü keçirib.
Tədbirdə Gəncə şəhər M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbin müəllimi və 5-ci sinif şagirdləri iştirak edib.
Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Günel Əliyeva Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yolu haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki, Vətən  bir qaladır və bu qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləri ilə  ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar.  “Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...” – deyib,  Vətən sevgisi ilə  qürur, vüqar, fəxr, ölməzlik  örnəyi  oldu qəhrəman  Mübariz. Hər bir şəhidimiz kimi əbədiyaşardır Mübariz. Çünki o,  Vətən naminə canından keçib, torpağı Vətənləşdirdi.
Gəncə şəhər M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbin müəllimi Könül Əliyeva çıxış edərək bildirib ki, Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur.  Mübariz ona qoyulan adı doğrultdu.Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. 
Tədbirdə Gəncə şəhər M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbin şagirdləri Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirin sonunda şagirdlər “Millətəm” mahnısını ifa ediblər.

 

444.2 KB