08.02.2023
07.02.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı " Qəhrəmanlar ölmür" adlı dəyirmi masa keçirilib.
Tədbirdə ilk öncə Vətənimizin ərazi bütövlüyü uğrunda düşünmədən canından qanından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Qəhrəmanımız Mübariz İbrahimovun həyatı, keçdiyi döyüş yolu və gösdərdiyi igidliklə bağlı hazırlanmış videoçarx tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov çıxış edərək bildirib ki, şəhid hərbi qulluqçumuz qısa ömür yaşasa da, Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atıb. Qəhrəmanlığı ilə ölümsüzlüyə qovuşan Mübariz İbrahimov hər bir azərbaycanlı üçün iftixar mənbəyi, qürur yeridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə Mübariz kimi mərd oğulların şücaəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu ağır məğlubiyyətə uğradaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Mədəniyyət Mərkəzinin İnformasiya və texnologia üzrə mütəxəssisi Məlahət Məhərrəmova Milli Qəhrəman haqqında geniş məruzə ilə çıxış etdi. Çıxışının sonunda Vətən müharibəsinin Qələbə ilə başa çatması, əzəli torpaqlarımızın işğaldan azad olunması, üçrəngli bayrağımızın tarixi ərazilərimizdə dalğalanması ilə bu gün Milli Qəhrəman Mübariz İbrahimov və bütün şəhidlərimizin ruhları şad olması diqqətə çatdırılıb.
Anım tədbirində çıxış edənlər Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb, Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğunu qeyd ediblər.
Azərbaycan xalqı Mübariz kimi oğulları ilə fəxr edir.