07.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev təhsilin himayədarı” mövzusunda tədbir keçirib.
Tədbirdə Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin 5 a sinif şagirdləri iştirak ediblər.
Tədbir iştirakçılarına Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva Heydər Əliyevin Xatirə Muzeyi haqqında ətraflı məlumat verib.
Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi İlknur İsgəndərova bildirib ki, Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub. Ölkəmizə rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Mərkəzin elmi işçisi Gülər Ellazova öz çıxışında qeyd edib ki, bu gün ölkəmizin hər yerində məktəblər yeni avadanlıqla təchiz edilib. Təhsil sahəsində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb. Bu gün Azərbaycanda təhsil sahəsi ilə yanaşı, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələr də çox sürətlə inkişaf edir. Azərbaycan öz inkişafına görə dünyanın öndə gedən ölkələrindən biridir. Bütün bu nailiyyətlər isə yalnız və yalnız ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrələridir. Sonda şagirdlər Ulu Öndər Heydər Əliyevə və Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirin təşkilində göstərdiyi köməyə görə məktəbin direktoru Kəmalə İsgəndərovaya və tarix müəllimi Gülbəniz Hüseynovaya təşəkkür edirik.