03.02.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 № - li kitabxana filialı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar 2 fevral Gənclər Günü münasibətilə "Gənclər millətin, dövlətin nurlu gələcəyidir" mövzusunda tədbir keçirib.
Tədbirdə Gəncə şəhər Ticarət və Xidmət üzrə Peşə Təhsil Mərkəzinin 3 saylı Peşə Liseyinin müəllim və tələbələri iştirak ediblər.
Tədbir iştirakçılarına Mərkəzin bələdçisi Könül Süleymanova Heydər Əliyevin Xatirə Muzeyi haqqında ətraflı məlumat verib.
Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açıq elan edən filial müdiri Mirvari Cəfərova qeyd edib ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Azərbaycanda Gənclər Günün fevral ayının 2-də qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti yetişməkdə olan yeni nəslin milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvər ruhda yetişməsində, onların təhsil və tərbiyəsində mühüm rol oynadı.
Mərkəzin elmi işçisi Gülər Ellazova “Azərbaycan gənclərinin milli mənlik şüuru və vətənpərvərlik yolu Heydər Əliyevin uğurlu gənclər siyasətinin nəticəsidir”, kiçik elmi işçisi Dursun Əliyeva “Heydər Əliyev və gənclər siyasəti”, bələdçisi Sevinc Bədəlova “Heydər Əliyev ideyalarına sadiq Azərbaycan gəncliyi”, 3 saylı Peşə Liseyinin müəllimləri Mehri İbrahimova “Vətən müharibəsində gənclərin həlledici rolu”, Cəmalə Əhmədova “Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir” mövzularında çıxışlar ediblər.
3 saylı Peşə Liseyinin tələbələri Rəvan Ələkbərov, Gülgəz Hüseynova, Səma Hüseynova, Elmin Məmmədov, Rəna Sadıqova mövzu ilə əlaqədar çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük əməyi olmuşdur. Ulu Öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Ulu Öndər Heydər Əliyev şəxsiyyəti və siyasəti Azərbaycan gəncləri üçün milli ideal formulu, tərbiyə məzmunu və fəaliyyət proqramıdır. Bu gün milyonlarla gənc Heydər Əliyev siyasi məktəbindən azərbaycançılığı, vətəni sevməyi və onun uğrunda fədakarlıqla xidmət etməyi öyrənir.