27.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxananın Uşaq şöbəsi 26.01.2023-ci il tarixində Zoom proqramı vasitəsi ilə II Qarabağ şəhidi Bayramov Orxan Surxay oğlunun anadan olmasının 30 illiyi ilə əlaqədar “Gənc nəslə örnək ömürlər”başlığı altında söhbət təşkil etdi.
Tədbirdə Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin şagirdləri iştirak etdi. Tədbiri aparan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva qeyd etdi ki, ulu babalarımızın bugünkü nəsillərə müqəddəs əmanəti olan Azərbaycan torpaqlarının hər bir qarışı bizim üçün candan əzizdir. Çünki bu torpaq hər bir qarışı üçün canından keçmiş, nanəcib düşmənlərimizə, bədnam qonşularımıza qarşı ölüm-dirim çarpışmalarında şəhid olmuş ata-babalarımızın qanından yoğrulmuşdur. Belə şəhidlərdən biri də II Qarabağ müharibəsi şəhidi Bayramov Orxan Surxay oğludu. O, xidmət etdiyi hərbi hissənin tərkibində Vətən müharibəsinə qatılaraq, Füzuli və Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, 2 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır. 3 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunan Bayramov Orxan Surxay oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. O, ailəli idi. Bir övladı yadigar qalıb.