26.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər kitabxana filialında 25.01.2023 -cü il tarixində Bakı milyonçusu, tanınmış xeyriyyəçi Tağıyev Hacı Zeynalabdin Tağı oğlunun anadan olmasının 200 illik yubileyi ilə bağlı "Neft səltənətinin şahı" başlıqlı mövzu gecəsi keçirildi. Tədbirdə fəal oxucular və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodistləri iştirak edirdilər. Kitabxanaçı Günel Namazova iştirakçılara Hacı Zeynalabdin Tağıyevin həyatı və gördüyü işlər haqqında ətraflı məlumat verdi. Xalq arasında "El atası" adlandırılmasının gördüyü xeyriyyə işləri ilə əlaqəli olmasını dedi. Fəal oxucumuz Əzəmət xanım qeyd etdi ki, Hacı Zeynalabdin Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbi açdırmaqla o zaman ki, gənclərin oxuması üçün mühüm iş görmüşdür.Metodiki İşlərin Təşkili Şöbəsinin müdiri Tərifə Abbasova öz çıxışında bildirdi ki, Tağıyev Hacı Zeynalabdin Tağı oğlu Azərbaycanın görkəmli xadimi olmaqla yanaşı, həm də ölkənin neft sənayesinin banilərindən biridir. O, Azərbaycan xalqının tarixinə milli kadrların hazırlanmasına böyük təsiri olan bir xeyriyyəçi mesenat və milyonçu kimi daxil olmuşdur. Tağıyev ölkədə incəsənət, jurnalistika və təhsilin qurulmasına və inkişaf etdirilməsinə yardım göstərirdi, təəccüblü deyil ki, Azərbaycan xalqı onu hələ də millətin atası adlandırır. Tədbirin sonunda Metodiki İşlərin Təşkili Şöbəsinin böyük metodisti Aygün İmanova Azərbaycanımızın bu cür şəxsiyyətlərinin hər zaman yaddaşlarda qalması üçün bu səpkidə tədbirlər keçirilməsi vacib olduğunu qeyd etdi.