28.06.2018
Gəncədə AMEA-nın A.A.Bakixanov adına Tarix İnstitutu, T.C.Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq konfransda 14 xarici ölkə (Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan, Şimali Kipr, Ukrayna, Belarus, Moldova, Polşa, Albaniya, Qazaxıstan və sair) ümumilikdə 40-a yaxın elm adamı ilə təmsil olunub.
Konfrans iştirakçıları və qonaqlar əvvəlcə Heydər Əliyevin adını daşıyan park-kompleksdə ulu öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini özündə əks etdirən fotolar və sənədlərlə tanış olublar. Həmçinin Mərkəzdə AMEA-nın Tarix İnstitutunun nəşr etdiyi 4 500 elmi əsər və kitabın sərgisi nümayiş olunub.
Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA adından konfrans iştirakçılarını salamlayan İctimai Elmlər üzrə akademik-katib, akademik Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, akademik, Milli Məclisin Deputatı Yaqub Mahmudov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Tarixi Kurumu başkanı, professor-doktor Rəfik Turan, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Andrey Kudryaçenko, Azərbaycandakı Misir səfirliyinin Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin müdiri Əhməd Sami konfransda geniş şəkildə çıxış edərək öz dəyərli fikirlərini iştirakçılar ilə bölüşüblər.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə “Akademik Tarix ve Düşüncə” jurnalı, habelə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə Türkiyədəki Strateji Düşüncə İnstitutu arasında ikitərəfli elmi-əməkdaşlıq müqavilələri imzalanıb.
“Azərbaycan Xalq Cümhurıyyətı: Azərbaycan Dövlətçilik Tarixinin Parlaq Səhifəsi” mövzusuna həsr olunan beynəlxalq konfransın AXC hökümətinin fəaliyyət göstərdiyi tarixi binada, həmçinin AMEA-nın Gəncə Bölməsində bölmə iclasları ilə davam edib.
Beynəlxalq konfransın iştirakçıları F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertində iştirak ediblər.