19.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 9 saylı filialında 18.01.2023-cü il tarixində 20 Yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş “Zamanın unutdurmadığı gün” başlıqlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin, Gəncə şəhər 37 saylı orta məktəbin şagirdləri iştirak etdilər. İlk öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filial müdiri Səkinə Hacıyeva tədbiri açıq elan etdikdən sonra 20 Yanvar hadisələrinin xalqımızın qan yaddaşı kimi gənc nəsillərə çatdırılmasının vacibliyindən bəhs etdi. Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi amma xalqın iradəsi sınmadı, milli ruhu sarsılmadı. Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin şagirdlərinin çıxışlarından ibarət ədəbi-bədii kompozisiya və tarın ifasında vətənpərvərlik ruhunda mahnıların ifası ilə davam edən tədbir, 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərin, Gəncə Gənclər Evi tələbəsi Abdusəlimova Fatimə tərəfindən çəkilən rəsm işlərinin, şənbə gecəsinin realllıqlarını şeirlərində və publisistik əsərlərində öz əksini tapan söz və qələm sahiblərinin kitablarından ibarət sərginin nümayiş olunması ilə sonlandırıldı. Ümumilli mənafelərin müdafiəsi naminə canlarından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarının misilsiz fədakarlıqları heç zaman unudulmayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin.