17.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 16.01.2023-cü il tarixdə Azərbaycanın ilk maarifçi, tərcüməçi böyük xeyriyyəçi qadınlardan biri Həmidə Məmmədquluzadə Cavanşir Əhməd bəy qızının anadan olmasının 150 illiyi münasibətilə "Böyük nəslin xeyirxah yadigarı" başlıqlı onlayn oxucu konfransı keçirdi. Konfransı açan kitabxana filialının müdiri Rahilə Qasımova Həmidə xanım Cavanşir nəslinın xeyriyyəçi, maarifçi işləri haqqında qısa məlumat verdi. Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi şöbəsinin müdiri, Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, ADPU-nin Ağcabədi filialının müəllimi Əlizadə Nəcəfov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva, ADAU-nin Dillər kafedrasının müəllimi Günay Abdullayeva, 29 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Bəsti Cəfərova, AYB üzvü Gəncə YB baş məsləhətçisi, şairə Aləmzər Əlizadə, yazıçı, dramaturq, Əməkdar jurnalist Qərib Mehdi, Həmidə xanım Məmmədquluzadənin ev müzeyinin müdiri Zeynəb Quliyeva çıxış etdilər. Konfransda Əlizadə Nəcəfov Həmidə Məmmədquluzadəyə yazmış olduğu "Həmidə Məmmədquluzadənin maarifçilik fəaliyyət" kitabı haqqında ərtaflı məlumat verdi. Tədbirdə Həmidə xanımın atası zəmanəsinin görkəmli maarifçi, ziyalısı, tarixçisi Əhməd bəyin yazdığı "Qarabağnamədən" xalqı üçün çəkdirdiyi kəhrizlərdən, yollardan, həmçinin Həmidə xanımın açdığı iş yerlərindən məktəblərdən və "Molla Nəsrəddin" jurnalının çıxması üçün göstərdiyi fədakarlığından söhbət açıldı. Çıxışçılar Cavanşirlər nəslinin xeyirxahlığı, maarifçiliyi, yaxşılıqları müqayisəyəgəlməz dərəcədə xalq üçün gördükləri böyük işlərdən danışdılar. Tədbirdə Həmidə xanımın ev muzeyindən görüntülər yayımlandı və ona aid əşyalar haqqında məlumat verildi. Kitabxanaçı sonda Həmidə xanımın xalqına, vətəninə olan böyük sevgisi hər birimizə bir örnək olmasını dilədi.