Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyevin qədim Gəncə şəhərinə qayğısı” mövzusunda tədbir keçirilib.

14.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyevin qədim Gəncə şəhərinə qayğısı” mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə şəhər A.Nekrasov adına 19 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Tədbirdən öncə mərkəzin bələdçisi Könül Süleymanova şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış edib, Gəncə şəhərinə səfərlərini əks etdirən eksponatlar haqqında məlumat verib.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə verilən böyük dəyərin göstəricisidir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.

Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva və bələdçisi Könül Süleymanova öz çıxışlarında bildiriblər ki, Gəncə şəhəri hər zaman ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın elə bir regionu, bölgəsi, rayonu tapılmazdı ki, ulu öndər Heydər Əliyev oraya bir neçə dəfə səfər etməsin. Məhz bu idarəçiliyin sayəsində respublikamızda, eləcə də onun ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncədə böyük əhəmiyyət daşıyan məsələlər həll edilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhərində onlarca yeni iri sənaye müəssisəsi, səhiyyə, təhsil mərkəzləri, mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir. Ulu öndər, həmişə olduğu kimi, Gəncəyə və gəncəlilərə olan hörmət-ehtiramını özünəməxsus səmimiliklə ifadə etmişdir: “Gəncə Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən diyardır, gözəl bir şəhərdir. Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər”.

 

188.2 KB