30.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 2 saylı filialı 27.12.2022-ci il tarixində 18 saylı orta məktəbdə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən, mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun anadan
olmasının 130 illiyi ilə əlaqədar “Sənətkar unudulmur” adlı söhbət keçirdi. Əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Filialın müdiri Firuzə Yunusova Əhməd Bakıxanovun həyat və yaradıcılğı haqqında geniş məlumat verdi. Məktəbin müəllimi Hicran Ələsgərova qeyd etdi ki, gözəl ifaçı, tanınmış pedaqoq və ansambl rəhbəri olmaqla yanaşı Əhməd Bakıxanov bəstəkar kimi də sevilib. Onun bir çox dəramədləri, rəngləri, təsnifləri, oyun havaları və mahnıları o dövrün konsert zallarında çalınaraq dinləyicini valeh edib.Müəllimə Ceyran Məmmədova: Onun ifa etdiyi muğamlar, bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Unudulmaz tarzənin sinəsini orden və medallar bəzəyib. Amma onun ən böyük mükafatı bu gün yüzlərlə qəlbdə qurduğu möhtəşəm abidəsidir-söylədi.