24.12.2022
23.12.2022-ci il tarixində Mir Cəlal Paşayev Ev Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Cümhuriyyət deyəndə yada düşən milli istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirin aparıcısı muzeyin bələdçisi Dilbər Orucova tədbirə dəvət olunan qonaqları salamladı. Ədəbi bədii gecədə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətov başda olmaqla bir çox elm və mədəniyyət xadimləri , şair və yazıçılar, Regional mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edirdi. İlk olaraq Vasif Cənnətov çıxış edərək Gəncədə Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbirlərdən danışaraq, onun Azərbaycan xalqı üçün olduqca dəyərli olduğunu qeyd etdi. Daha sonra Gəncə Yazıçılar Birliyinin sədri , şair Xəzangül Hüseynova , GDU -nun müəllimi , şair , alim, AYB nin üzvü Bayram Apoyev, AMEA Gəncə bölməsinin elmi işçisi, filalogiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, əməkdar jurnalist yazıçı Qərib Mehdi , şair Eltun Türkel çıxış edərək şairin həyat və yaradıcılıq yolundan danışdılar. Ədəbi bədii gecədə şairin şeirləri və eyni zamanda şeirlərinə bəstələnmiş mahnılar Gəncə şəhəri 2, 4 və 5 nömrəli musiqi məktəblərinin müəllim və şagirdləri tərəfindən ifa olundu. Fortepianoda 4 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Gülcan Qasımovanın ifasında "Şükriyyə"mahnısı, 2 nömrəli musiqi məktəbinin şagirdi Tunar Cəfərovun ifasında "Çırpınırdı Qara dəniz" və 5 nömrəli musiqi məktəbinin şagirdi Altun Mirzəyevin çıxışları alqışlarla qarşılandı.