14.12.2022
14.12.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində görkəmli kristalloqraf alim Xudu Məmədovun anadan olmasının 95 illik yubileyilə bağlı "Xalqımızın yetişdirdiyi böyük şəxsiyyət" adlı dəyirmi masa keçirilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov tədbir iştirakçılarını salamladı və görkəmli alim haqqında dəyərli fikirlərini bildirib-dekabrın 14-də doğum günü qeyd edilən görkəmli kristalloqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Xudu Məmmədov yaxın tariximizdə xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. Bu gün Xudu Məmmədovun anadan olmasından 95 il ötür. Kristalloqrafiya, kristallokimya, quruluş mineralogiyası, simmetriya nəzəriyyəsi, quruluş təhlili sahələrində dünyada tanınmaqla bərabər, fəlsəfə,mədəniyyətşünaslıq sahələrində tədqiqatları alimə dünya şöhrəti gətirib.
Sonrakı çıxışda Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı Verdiyeva Afərimə qeyd edib ki, Xudu Məmmədov ilk dəfə “Bakı kristalloqrafiya məktəbi” yaradıb, onun rəhbərliyi ilə 40-dan çox yüksək səviyyəli alim hazırlanıb, onlardan 30-u namizədlik, 10-u isə doktorluq dissertasiyası müdafiə edib. Görkəmli alimin yetirmələrindən biri də Bakı Dövlət Universitetinin kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor Məmməd Çıraqovdur. 1970-ci illərdə “Bakı kristalloqrafiya məktəbinin” nailiyyətləri də ölkəmizdə yüksək qiymətləndirilib. Ulu Öndər Heydər Əliyevin bilavasitə yardımı ilə keçmiş SSRİ-də ikinci olaraq “Sindex P2” cihazı Bakıya gətirilib. Bu cihaz müxtəlif istiqamətlərdə elmi tədqiqatlar aparmağa imkan yaradıb.
Mədəniyyət Mərkəzinin metodisti Bağırova Səadət unudulmaz alim haqqında çıxış edərək bildirib ki, Xudu Məmmədov 1970-ci illərin çox sevdiyi ölməz sənətkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi “Qoşa qanad” əsərini yazır. M.Çıraqovun sözlərinə görə, bu əsər gənclərin formalaşmasında, onların elmə, sənətə münasibətinin dərinləşməsində yüksək dəyərə malik elmi-nəzəri axtarışların nəticəsidir. Xudu Məmmədov deyirdi ki, sənətin vətəndaşlıq duyğusu tərbiyə edən, bu duyğunu itiləşdirən bir vasitə kimi böyük gücü vardır. O qeyd edib ki, insanları elmi rəşadətə yönəldən əsas amil Vətən istəyidir. Bu rəşadət nəticəsində yaranan elmi kəşflərin, sənət nailiyyətlərinin faydasını bütün insanlar görmüş, görür və görəcək. Buna görə də güclü elmin və sənətin məkanı bəşəriyyətdir.