09.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin aparılması ilə əlaqədar olaraq “Narkomaniyaya birgə “YOX” deyək!”
başlığı altında sual-cavab gecəsi keçirildi. Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri filialın müdir əvəzi Şəhla
İlyasova apardı. Qeyd etdi ki, narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyükdür. Narkotikdən qorunmağın ən yaxşı yolu heç vaxt ondan istifadə etməməkdir. Sonra söz cəmiyyətdə “ağ ölüm” adlandırılan narkomaniya bəlasından öz şəxsi iş təcrübəsindən, faktlarla danışmaq üçün tədbirə dəvət olunmuş Gəncə şəhər Rayonlar Arası Narkoloji Dispanserin əməkdaşı Vaqif Zamanova verildi. Vaqif Zamanov hamını düşündürən, narahat edən bu bəla, onun fəsadları haqqında geniş çıxış etdi. Sonra məktəblilərin suallarını cavablandırdı. Tədbirdə çıxış üçün söz alan M.Mehdizadə adına xarici dillər təmayüllü 4 saylı
tam orta məktəbin tarix müəllimi Əfsanə Sadıqova, kitabxanaçı Səfayət Məmmədova dedilər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcıdır. Çıxışçıların hər biri həyatı iflic edən bu bəladan məktəblilərin daim uzaq olmalarını tövsiyyə etdilər. Tədbirin sonunda iştirakçılar birlikdə bütün gəncliyə “Narkomaniyaya birgə “YOX” deyək!” mesajı verdilər.