09.12.2022
Tədbirdən öncə Samux rayon Heydər Əliyevin parkda ucaldılan Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub ,əziz xatirəsi ehtiramla yad edilib.Sonra isə Heydər Əliyev Mərkəzində Ulu Öndərimizin unudulmaz tarixi, həyat və yaradıcılıq şəkilləri olan foto stendlərə baxış keçirilib.
09.12.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Ulu Öndər Dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə bağlı "Əbədi yaşar Lider-Heydər Əliyev" adlı dəyirmi masa təşkil olunub.Tədbirdə Ulu Öndər Heydər Əliyev haqqında videoçarx tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov dahi şəxsiyyət haqqında çıxış edərək fikirlərini bildirib. O, qeyd edib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu Öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi.
Daha sonra isə Mədəniyyət Mərkəzin baş metodisti Göyçək Hüseynova çıxışında bildirib ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir. Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Ulu Öyndər qeyd edirdi ki, "biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun". Dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən Ümummilli Lideri olmuşdur.