26.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Musiqi xəzinəmizin milli sərvəti” mövzusunda ədəbi-bədii gecə keçirib. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, İdarənin məsləhətçiləri, Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllim və tələbələri iştirak ediblər. Tədbirdən öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcıları böyük kitabxanaçı Mirvari Cəfərova və kiçik elmi işçi Dursun Əliyeva görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Əmirovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat veriblər. Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aynur Şıxıyeva “Fikrət Əmirovun 100 illik yubileyi çərçivəsində Gəncənin mədəni həyatında atılan addımlar”, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova “Fikrət Əmirov yaradıcılığına Ulu Öndər Heydər Əliyevin diqqəti və qayğısı”, 4 nömrəli Musiqi məktəbinin müəllimi Məhsəti Tağıyeva “Fikrət Əmirov yaradıcılığına ümumi baxış”, musiqişünas, bəstəkar Əfsanə Qurbanlı “Fikrət Əmirov yaradıcılığında ərəb mövzusu və simfonik muğamlar” mövzularında çıxışlar ediblər.
Tədbir boyu 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Gülcan Qasımova royalda Fikrət Əmirovun xalq mahnı işləmələri və "Mən səni araram" mahnısını ifa edib. Məktəbin müəllimləri İbrahimov Şahmar skripkada və Lalə Kazimova royalda “Ballada” ifa ediblər.
4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Nurgül Əliyeva və Nərmin Babayeva Fikrət Əmirovun “Sevil operasından vals”, Oruci Feruz “Lirik vals” və Səadət Bəşirli “12 miniatur, Ballada” musiqilərini royalda ifa ediblər. Tədbirdə həmçinin Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət edən turistlər tamaşaçı qismində iştirak ediblər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.