24.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Təmas Regional İctimai Birliklə birgə 23.11.2022-ci il tarixdə 25 Noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə aid "Qadın zorakılığına yox deyək" başlıqlı onlayn konfrans keçirdi. Konfransı açan kitabxana filialının müdiri Rahilə Qasımova Qadın Zorakılığına qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd olunması səbəbi haqqında tədbir iştirakçılarına qısa məlumat verdi.
Konfransda GDU-nin rus dili kafedrasının dosenti, Təmas Regional İctimai Birliyinin təsisçisi və rəhbəri Kubra Ələkbərova, Gəncə şəhər Təhsil İdarəsinin metodist, psixoloqu Vüsalə Balayeva, Gəncə şəhər 2 saylı ASAN Xidmət Mərkəzinin Ədliyə Nazirliyinin qeydiyyat şöbəsinin baş məsləhətçisi Sevinc Nağıyeva və AYB üzvü Gəncə YB-nin baş məsləhətçisi şairə Aləmzər Əlizadə çıxış etdilər.
Çıxış edənlər söylədilər ki, qadınlara qarşı zorakılıq halları dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır və dövlət tərəfindən böyük tədbirlər görülür. Konfransda bu halların qarşısının alınması üçün dövlət və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Fəaliyyət Proqramları, Milli Proqramlar, qanunlar,
qeyri-hökumət təşkilatlarının işləri, həmçinin şəhərimizdə yaradılmış sığınacaqlar haqqında ətraflı məlumat verildi.
Tədbirdə qadın zorakılığı ilə bağlı videoçarx nümayiş etdirildi.
Tədbiri keçirməkdə məqsəd gənc nəsli maarifləndirmək, təhsilin hər zaman önəmli olmasını və hüquqlarını bilmələrinin vacibliyini anlatmaqdır.