22.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi İstiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar “Azərbaycan istiqlalının böyük şairi” mövzusunda tədbir keçirib. Tədbirdə Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin müəllim, şagirdləri və mərkəzin kollektivi iştirak ediblər. Tədbirdən əvvəl mərkəzin bələdçisi Sevinc Bədəlova şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış edib. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirib ki, Əhməd Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalaraq, bu yolda şəhidlik zirvəsinə ucalan vətənpərvər kimi, həmçinin Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcək.
Mərkəzin elmi işçisi Gülər Ellazova, kiçik elmi işçisi Dursun Əliyeva və bələdçisi Könül Süleymanova öz çıxışlarında qeyd ediblər ki, ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilmişdir. Müstəqil Azərbaycanın çiçəklənən gələcəyini qabaqcadan görən Ümummilli Lider Heydər Əliyev deyirdi: "Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir. Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır - Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni özünə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu, təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himn müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən iftixar hissi duyuram". Tədbirin sonunda “İstiqlal şairi Əhməd Cavad” adlı video-çarx nümayiş olunub.