22.11.2022
22.11.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycanın bəstəkarı və dövlət xadimi Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı " Unudulmaz Bəstəkar" adlı dəyirmi masa təşkil olundu.
İlk öncə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov çıxış edərək bildirdi ki,
2022-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi tamam oldu.Prezidentimiz cənab İlham Əliyev aprelin 13-də bəstəkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsəsən yubiley münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilir.Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri,həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.
Daha sonra Mədəniyyət Mərkəzinin rejissoru Ramin Vəliyev qeyd etdi ki, bəstəkarın yaradıcılığının mühüm bir hissəsini təşkil edən operettaları Azərbaycanda və xarici ölkələrdə uğurla tamaşaya qoyulmuş, geniş şöhrət qazanmışdır. Rauf Hacıyevin vokal yaradıcılığı, xüsusilə lirik, vətənpərvər ruhlu mahnıları Azərbaycanda mahnı janrının inkişafına dəyərli töhfə vermişdir. Onun simfoniyaları, oratoriya və kantataları, teatr tamaşalarına və kinofilmlərə bəstələdiyi əsərləri Azərbaycan musiqi sənətinin xəzinəsinə həmişəlik daxil olmuşdur.
Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı Aferim Verdiyeva çıxışında bildirdi ki, dahi bəstəkar Rauf Haçıyev zamanı yarıb keçəcək əsərlər, klassik nümunələr yaradıb. Səməd Vurğunun sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısını və ya Rauf Hacıyev yaradıcılığının epiqrafı sayılan “Romeo mənim qonşumdur” filmindən “Sevgilim” mahnısını xatırlamaq kifayətdir. Həmin mahnılarda onun bütün yaradıcılığına xas olan həyatsevərlik, ülvi məhəbbət hissləri öz əksini tapıb. Çoxşaxəli yaradıcılıq irsinə malik olan sənətkarın əsərləri musiqi tariximizin solmayan səhifələridir, bu musiqilər də xalqımızın qəlbində daim yaşayacaq, sənətsevərlərin zövqünü və könlünü oxşayacaq, pərəstişkarlarına xoş duyğular bəxş edəcək.