18.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı 20 noyabr - Ümumdünya Uşaq Hüquqları günü ilə əlaqədar “Müharibənin günahsız qurbanları uşaqlar” mövzusunda konfrans keçirib.
Tədbirdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri Sitarə Hacıyeva, Gəncə 3 saylı Peşə Liseyinin müəllim və tələbələri iştirak ediblər.
Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva tələbələri Ulu Öndər Heydər Əliyev Xatirə Muzeyi ilə tanış edib.
Tədbiri açıq elan edən 16№-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova bildirib ki, 20 noyabr-Ümumdünya Uşaq Hüquqları Günü dünyanın əksər ölkələrində, eləcə də Azərbaycan Respublikasında qeyd olunur. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda ulu öndərimiz Heydər Əliyevin ənənələrindən irəli gələn başlıca prinsiplərindəndir. Ölkəmiz 21 iyul 1992-ci ildə uşaqların yaşaması, inkişafı üçün zəruri olan mühüm standartların müəyyən edilməsi və hüquqlarının qorunması məqsədilə Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “Uşaq hüquqları Konvensiyasında təsdiq olunan prinsiplər”, Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri Sitarə Hacıyeva “Uşaq əməyinin istismarının qarşısının alınması və onların zərərli vərdişlərdən qorumaq”, Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova “Cəmiyyətin həssas və kövrək təbəqəsi olan uşaqlara diqqət və qayğı”, Mərkəzin elmi işçisi Gülər Ellazova “Gəncə terrorunda hüquqları pozulan uşaqlar”, bələdçi Könül Süleymanova “Ümumdünya Uşaq Hüquqlarının yaranması Günü”, Gəncə 3 saylı Peşə Liseyinin müəllimi Mehri İbrahimova “Təhsil müəssisələrində uşaq hüquqlarının qorunması vacibdir” mövzularında çıxışlar ediblər.