Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

F.Əmirov adına Gəncə şəhər 1 №-li Uşaq Musiqi Məktəbinin konserti

09.06.2018

Gəncə şəhəri F.Əmirov adına 1 №-li Uşaq Musiqi Məktəbi 1923-cü ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin və ölməz müğənnimiz Bülbülün dəstəyi və təşəbbüsü ilə dünya şöhrətli bəstəkar F.Əmirovun atası, məşhur tarzən Məşədi Cəmil Əmirovun rəhbərliyi ilə yaradılmışdır.

1923-cü ildən başlayaraq bu məktəbdə Məşədi Cəmil Əmirovun, Həmzə Əliyev, İsax Bağırov, Fikrət Əmirov, Tağı İsazadə, Zinaida Kərimova, Abbasəli Əliyev, Nürəddin Məşədi Mehdiyev və başqaları rəhbərlik etmişlər.

Məktəbdə vaxtilə dünya şöhrətli bəstəkarlar Fikrət Əmirov, Telman Hacıyev, Qənbər Hüseynli, Faiq Nağıyev, dirijor və Xalq artisti Nərimanov Əzimov, Xalq artisti Azad Əliyev, professor Bayandur Mehdiyev, professor Sevda Qurbanəliyeva və başqaları təhsil almışlar.

2017/2018-ci tədris ilinin yekun konserti 1 №-li Uşaq Musiqi Məktəbinin 95 illik yubileyinə həsr olundu. Ilk öncə məktəbin direktoru Aida Əmrahova bütün iştirakçıları salamladı.

Sonra Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi, Əməkdar Mədəniyyət İşçisi Sənan Hacıyev məktəbin pedaqoji kollektivini, şagirdləri, onların valideynləri 1 №-li Uşaq Musiqi Məktəbinin 95 illiyi münasibəti ilə təbrik etdi. Məktəbdə uzun müddət gənc nəslin musiqi təhsili, estetik tərbiyəsi ilə məşğul olan müəllimlərə Gəncə Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanları təqdim olundu.

Məktəbin 95 illik yubileyinə həsr olunmuş hesabat konsertində maraqlı musiqi proqramı təqdim edildi.