Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Nemət Orucovun ailəsi ilə görüş təşkil edilib

15.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evində Qaraçinar və Şəfəq kənd Mədəniyyət Evlərinin birgə təşkilatçılığı ilə əslən Kəlbəcər rayonundan olub rayonun Qaraçinar kəndində müvəqqəti məskunlaşmış Vətən müharibəsi Şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin zabiti leytenant Nemət Əkbər oğlu Orucovun ailəsi ilə görüş təşkil edilmişdir.

Təşkil edilən görüşdə Qaraçinar, Şəfəq kənd Mədəniyyət Evlərinin kollektivləri, Qaraçinar və Şəfəq kənd Kitabxana Filiallarının rəhbərləri, 1-ci Qarabağ müharibəsinin Şəhid ailələri, Qazilər, Şəfəq Kənd və Qaraçinar Kənd Icra Nümayəndələri, Qaraçinar kənd tam orta məktəbinin müəllimləri, İctimaiyyətçilər və şagirdlər iştrak etmişdir.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəhid ailəsinə ilk olaraq Gəncə Regional Mədəniyyəy İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət, ailəsinə səbir dilədilər.

Təşkil edilən görüşdə çıxış edən ziyalılar,Qazilər Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar.

Nemət Orucov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini kəşfiyyatçı olaraq qurtarmışdır. 2018-ci ildən hərbi xidmətini "leytenant" rütbəsi ilə davam etdirmişdir. Zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında yerləşən "N" saylı hərbi hissədə post komandiri vəzifəsində xidmət etmişdir. 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük" adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə və 3 mart 2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlar ilə təltif olunmuşdur.

Azərbaycan Ordusunun leytenantı olan Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində motoatıcı olaraq iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nemət Orucov sentyabrın 27-də Xocavənd döyüşləri gedişatında rayonda yerləşən Nərgiztəpə ərazisində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Goranboy rayonunun Zeyvə kənd qəbristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nemət Orucov ölümündən sonra "Vətən uğrunda" "İgidliyə görə" təltif edilib.

Sonda şagirdlərin hazırladıqları şeir parçaları səsləndirildi.

 

157.6 KB

 

145.8 KB