10.11.2022
05.11.2022-ci il tarixində Goranboy rayon Börü qəsəbəsində yerləşən Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbində Xocalı rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə rayon Mədəniyyət Evinin işçiləri və Cəmilli kənd tam orta məktəbinin müəllim və şagirdləri, valideynlər iştirak etdilər. Xocalı rayon Mədəniyyət Evinin direktoru Hafiz Abbasov çıxış edərək bildirdi ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq
uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara verildikdə əvvəl yaşamış olduqları mənzilə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar təmin edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Əhməd Cavadov adına Xocalı rayon Cəmilli kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılova çıxış edərək valideynlərin hüquq və vəzifələrindən danışdı. O bildirdi ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifə-
ləridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər.