10.11.2022
08.11.2022-ci il tarixində Xocalı rayon Mədəniyyət Evində Xocalı rayon Mədəniyyət Evinin, Xocalı şəhər 1 və 3 saylı Uşaq Musiqi Məktəblərinin və Xocalı şəhər 5 saylı klubunun birgə təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Bizim böyük qələbəmiz” adlı tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi, humanitar mə-
sələlər üzrə şöbə müdiri Lamiyə Qarayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov, mədəniyyət müəssisələrinin işçiləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti iştirak etdilər.
44 günlük Vətən müharibəsi şəhidi Məmmədov Elnur Xurşud oğlunun həyat yoldaşı Kəmalə Məmmədova çıxış edərək şəhidin həyatından, müharibə zamanı göstərdiyi qəhrəmanlıqdan, ailədə göstərdiyi mehribanlıqdan danışdı. O bildirdi ki, həyat yoldaşı 2016-cı ildə Aprel döyüşlərində iştirak etmiş, döyüşdə fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşdur. O, 2020-ci ilin oktyabr ayının 26-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuş və Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olnmuşdur. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş veteran Vüqar Kərimov çıxış edərək cəmi 44 gün müddətində düşməni diz çökdürən Müzəffər Ordumuzun, qəhrə-man oğullarımızın hünərlərindən danışdı. O qeyd etdi ki, 30 ilə yaxın ərzində iqtisadi, siyasi və hərbi tərəfdən özünə güc toplayan dövlətimiz uğurlu əks-həmlə əməliyyatı ilə torpaqlarımızı əsarətdən azad etdi. Bu şanlı qələbənin qazanılmasında Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun gücü ilə yanaşı, əsgərlərimizə dayaq olan həmrəy xalqımızın böyük rolu vardır. Azərbaycan əsgəri məhz arxasında xalqımızın dəstəyini hiss etdikcə qürurla irəli atıldı. Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qalib Azərbaycan xalqını təbrik edərək bildirdi ki, biz bu günü 30 ilə yaxın gözləmişik. 2020-ci ilə qədər torpaqlarımızın işğal tarixini qeyd edirdik. İnanırdıq ki, bu tarixi gün gəlib çatacaq və Zəfər günü kimi qeyd olunacaq. Bu qələbə Azərbaycan xalqının birliyi sayəsində mümkün oldu. Xalqımızın həmrəyliyinin bu qədər güclü olmasını bəlkə də təsəvvür edə bilməzdik. Azərbaycan xalqının gücü onun Prezidentinin, Ordusunun gücüdür. Sonda tədbir Xocalı rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı ilə yekunlaşdı.