03.11.2022
03.11.2022-ci il tarixində Samux şəhər Kitabxana filialının təşkilatçılığı ilə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Samux şəhər kitabxana filialında 8 Noyabr -- Şuşanın işğaldan azad olunması və Zəfər günü ilə əlaqədar olaraq "Qələbə bizimdir" adlı dəyirmi masa təşkil olundu. Dəyirmi masada Samux şəhər kitabxana filialının, Samux şəhər Mədəniyyət Evinin əməkdaşları və Samux şəhər 1 saylı tam orta məktəbin şagirdləri iştirak etdi. Tədbiri Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova açaraq ilk öncə bütün iştirakçıları Zəfər günü münasibəti ilə təbrik etdi. Daha sonra çıxışında qeyd etdi ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Tədbirdə çıxış edən Samux şəhər kitabxana filialının multimedia resursları mütəxəssisi Samirə Ələkbərova çıxışında vurğuladı ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. 8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Tədbirdə söz alan Samux şəhər Mədəniyyət evinin kütləvi iş təşkilatçısı Sənahət Məmmədova da çıxış edərək vurğuladı ki, “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir". Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Tədbirin sonunda Samux şəhər 1 saylı tam orta məktəbin şagirdləri "Zəfər", "Həsrət bitdi Qarabağ" adlı şeirlərini səsləndirdilər.