03.11.2022
Gəncə regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 01.11.2022-ci ildə Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü münasibəti ilə “Qanun ölkəsinə səyahət” başlıqlı sual-cavab gecəsi keçirdi.
Tədbiri açan MKS-nin 9 saylı kitabxana filialının filial müdiri Səkinə Hacıyeva qeyd etdi ki, uşaqların hər tərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması cəmiyyət və dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətin ən qiymətli sərvəti olan uşaqların erkən yaşlarından hüquqları barədə məlumatlandırmaq zəruridir.
Gəncə şəhər 37 nömrəli tam orta məktəbin müəllimi Səidə Ağayeva Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü haqqında çıxış edərək bildirdi ki, hər il 20 noyabr BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümüdür. “Beynəlxalq Uşaq Hüquqları Konvensiyasında” olan maddələr barədə söhbət açaraq, onların qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, aildə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələrini izah etdi. Konvensiyanın məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması və onların rifahının yaxşılaşdırılmasıdır. Eyni zamanda hər bir uşaq və yeniyetmələrin öz hüquqlarını bilməsi çox vacibdir. Öz hüquqlarını yaxşı bilən, lazım gəldikdə ondan istifadə etməyi bacaran uşaq doğma vətənini daha çox sevir, vicdanlı olur, milli-mənəvi dəyərlərini, həm də öz mənliyini qoruyur.
Sonda tədbirdə uşaqlarla: “Uşaq Hüquqları Konvensiyası neçənci ildə qəbul olunub?, “Uşaq Hüquqları Konvensiyasına neçə dövlət daxildir?”, “Uşaq Hüquqları Konvensiyasının neçə maddəsi var?”, “Hansı dövlət Uşaq Hüquqları Konvensiyasına daxil deyil?”, “Uşaq Hüquqları Komitəsi harada yerləşir?”, ”Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununu neçənci ildə qəbul olunub?” və.s. suallar ətrafında maraqlı sorğu-sual aparıldı və uşaqları öz hüquqları haqqında nə qədər məlumatlı olmaları müəyyən edildi.