30.10.2022
Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin elan olunmasının 99-cu ildönümü münasibətilə tədbir Gəncə Regional Mədəniyyət İdarəsinin Məhsəti Gəncəvi Mərkəzində keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, millət vəkili Pərvin Kərimzadə, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbir Türkiyə Cümhuriyyətinin qurulması, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyə Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümü ilə əlaqədar çıxış etmişlər.
Türkiyə Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümünə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova və Vasif Bayramlı, pianoda Gəncə şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Arzu Məmmədov ifa etmişlər.