Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rauf Hacıyevin 100 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilib

29.10.2022

28.10.2022-ci il tarixində Xocalı rayon Kosalar kənd Mədəniyyət evində kənd Mədəniyyət evinin, Xocalı rayon Cavadlar kənd klubunun, Xocalı rayon Yaloba kənd klubunun və Xocalı rayon Başkənd kənd klubunun birgə təşkilatçılığı ilə Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan və SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illik yu-bileyi ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə adı çəkilən Xocalı rayon mədəniyyət müəssisələrinin işçiləri və Kosalar kənd tam orta məktəbin şagirdləri iştirak etdilər.

Xocalı rayon Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov çıxış edərək bildirdi ki,Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçı-lar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Cey-ran” və sair mahnıları daha çox populyarlıq qazanır.

Xocalı rayon Başkənd kənd klubunun müdiri Zəhra Məmmədova çıxış edərək bildirdi ki,Rauf Hacıyev 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. Operettalarının mövzularını isə ən çox insanların gündəlik həyatı təşkil edir.

Sonda bəstəkarın “ Mənim Azərbaycanım”, “Bahar gəlir”, “Ceyran” mahnıları ifa olundu.

 

100.8 KB