27.10.2022
27.10.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində II-ci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Samux rayon şəhidləri Məmmədov Bayram, Namazov Elməddin, Rüstəmov Pərvizin ikinci ildönümləri ilə bağlı
" Şəhidlər Unudulmur" adlı dəyirmi masa təşkil olundu.
Tədbirin əvvəlində Vətən müharibəsi zamanı canı və qanı bahasına sinələrini sipər edən igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov şəhidlər haqqında məlumat verərək qeyd etdi ki, sentyabrın 27-də başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsi bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərmiş oldu. Onlar arasında ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də olub. Belə oğulların olmasına görə bu gün Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Şəhidlər sırasında olan Məmmədov Bayramın da döyüş şücaətindən geniş söz açmaq olar. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Bayram Məmmədov Füzuli, Xocavənd döyüşlərində savaşıb. 20 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olmuşdur.
Mərkəzin baş metodisti Bayramava Göyçək şəhid Namazov Elməddin haqqında məlumat verərək, göstərdiyi şücaətindən söz açdı: 2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında "N" saylı hərbi hissədə kəşfiyyat taborunda atıcı kimi xidmət göstərmişdir.
2020-ci il sentyabrın 20-də ordu sıralarına təkrar təlimlərə cəlb olunub. Torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, iki dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmiş və Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 27 oktyabrda Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Mərkəzin metodisti Bağırova Səadət öz çıxışında bildirdi ki, Samux şəhidlərimizin içində qəlbimizi göynədən şəhidlər sırasında ata- ana qayğısına, nəvazişinə həsrət qalan Rüstəmov Pərviz də qəhrəmanlıq göstərən igidlərimizdəndir. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin hələ ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüş yolu keçmişdir. Ən son 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, lakin düşmən pusqusuna düşərək, şəhidlik zirvəsinə ucalmışdır. Bir müddət nəşi neytralda qalmış, 30 oktyabr 2020-ci il tarixində isə ailəsinə təhvil verilmiş və Samux Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və döyüş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdikləri üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hər üçü bir çox medallarla təltif olunmuşdur.