26.10.2022
25.10.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Qubadlı şəhərinin işğaldan azad edilməsinin 2-ci ildönümü ilə bağlı "Böyük Qələbənin sevinci" adlı dəyirmi masa təşkil olundu.
Tədbirin əvvəlində Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qubadlının işğaldan azad olunması ilə bağlı hazırlanmış video çarx tədbir iştirakçılarına təqdim olundu.
Qubadlının işğaldan azad edilməsinin tarixi hadisə olduğunu vurğulayan Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov bildirdi ki, Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.Vətən müharibəsində qazanılan Qələbədən sonra Prezident İlham Əliyevin azad olunmuş ərazilərimizə növbəti səfəri Qubadlının düşmən tapdağından qurtarılması münasibətilə həyata keçirildi. Bilirik ki, müharibədə Qələbənin təmin olunması qədər onun rəsmiləşdirilməsi, qorunub saxlanılması da çətin prosesdir. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfərləri, reallaşdırılan layihələr, Böyük Qayıdışa hazırlıq münaqişənin hərbi fazasının başa çatdığını sübut edir.
Dövlətimizin başçısının işğaldan azad olunmuş rayonlara səfərləri xalqımız tərəfindən sevinc və rəğbət hissi ilə qarşılanır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ictimaiyyət nümayəndələri ilə səmimi söhbətləri dövlətin xalqa münasibətinin, Azərbaycan rəhbərliyinin ictimaiyyətə açıq olmasının göstəricisidir. Belə səfərlər çərçivəsində hərbçilərimizlə görüşlər həm də Ordumuza mənəvi dəstək olmuşdur.
Şuşanın azad olunması Azərbaycan xalqının böyüklüyünün, əzəmətinin, mərdliyinin, torpağı nə qədər çox sevməsinin, ona bağlılığının, Azərbaycan Prezidentinin, xalqının, Ordusunun birliyinin təcəssümüdür. Şuşanın bizim üçün əhəmiyyəti, ona aparan yolun önəmi, onun işğaldan azad olunması gününün Qələbə, bayram günü kimi rəsmiləşdirilməsində əks olunur.
Cənab prezidetimiz İlham Əliyevin çıxışlarının hamısında Zəfəri bizə bəxş edən əziz şəhidlərimizi unutmadı, xalqımızın, gələcək nəsillərin onlarla fəxr edəcəyini, Vətən fədailərinin adlarının əbədiləşdiriləcəyini vurğuladı. Prezident İlham Əliyev əslən Qubadlıdan olan şəhid Milli Qəhrəman Şükür Həmidov haqqında danışması, onun şəhadətə yüksəlmə xəbərini ürəkağrısı ilə qarşılamasını bildirməsi və polkovnikin həlak olmasını böyük itki adlandırması Ali Baş Komandanın öz hərbçisinə, əsgər və zabitinə verdiyi yüksək dəyərin göstəricisidir.