26.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı ilə birlikdə Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin işğaldan azad olunması ilə əlaqədar “Qələbəmizin Zəfər carçıları” mövzusunda tədbir keçirib.
Tədbirdə Göygöl rayon 8 Mart ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Mərkəzin bələdçisi Könül Süleymanova şagirdləri Ulu Öndər Heydər Əliyev Xatirə Muzeyi ilə tanış edib.
Tədbirdən əvvəl Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan kitabxanaçı Tünzalə İsmayılova qeyd edib ki, 30 ilə yaxındır Azərbaycan xalqı, Azərbaycanın əzəli torpaqları olan cənnət Qarabağı qan ağlayırdı. Xalqımızın ürəyi acıyla döyünür , torpaq həsrəti ilə sızıldayırdı. Çünki 20 faiz torpaqlarımız düşmən və təcavüzkar Ermənistanın tapdağı altında idi. Oktyabr ayının əvvəllərindən başlayaraq rayonlarımızın, şəhərlərimizin, kəndlərimizin rəşadətli ordumuz tərəfindən azad olunması hər birimizin qəlbində bir ümid çırağı yandırmışdı. Cəbrayıl, Xocavənd rayonlarının, Suqovuşan və digər azad olunan torpaqlarımızın sırasına Füzuli, Qubadlı və Zəngilan rayonları da əlavə olundu.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva, bələdçisi Sevinc Bədəlova və Göygöl rayon 8 Mart ümumi orta məktəbin müəllimi Gülnar Məmmədova öz çıxışlarında bildiriblər ki, 2020-ci ilin sentyabrın 27-də başlayan II Qarabağ – Vətən müharibəsi nəticəsində düşmən tapdağı altında olan qədim torpaqlarımız Azərbaycanın müzəffər ordusu sayəsində əzəli torpaqlarımızın işğal tarixlərinin üstündən xətt çəkdi. 2020-ci ilin payızına qədər xalqımız təcavüzkar Ermənistan tərəfindən şəhər və rayonlarımızın işğal tarixlərini anırdıqsa, artıq biz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti, igid və qəhrəman Azərbaycan oğulları sayəsində Vətən müharibəsində yeni bir tarix – Zəfər tariximizi yazdıq. Bu gün azad olunan torpaqlarımızda aparılan quruculuq işləri, yaradılan yeni müəssisələr, bərpa olunan tarixi və mədəni abidələrimiz sabahımız olan sizlərə əmanətdir. Ümid edirik ki, sabahın azad və firəvan Azərbaycanımızın vətəndaşları olaraq sizlər bu əmanəti gözbəbəyi kimi qoruyub, daha da inkişaf etdirib və çiçəkləndirəsiniz.
Tədbirdə Göygöl rayon 8 Mart ümumi orta məktəbinin şagirdləri Vətənə, Şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.