20.10.2022
20.10.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 17 saylı kitabxana filialında 2022-ci ilin ölkəmizdə "Şuşa ili" elan olunması ilə əlaqədar "Şuşa ili: Zəfərimizin dəlili!" başlığı altında söhbət keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən 17 saylı filialın böyük kitabxanaçısı Ruhiyyə Qafarova bildirib ki, Qarabağın tacı olan Şuşa şəhəri xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Kitabxanaçı onuda qeyd edib ki, tədbirin keçirməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.
Tədbirdə Hacıkənd İcra nümayəndəliyinin müavini Natavan Məmmədova, Hacıkənd ərazi partiya təşkilatının sədri Müsəllim Hüseynov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, rəşadətli Vətən oğullarının döyüş yolunun, onların sücaətinin fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını vurğulamışlar.