19.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhərinin 270 illiyi münasibətilə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar “Cənnət məkanımızın qədim incisi – Şuşa” mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə şəhər Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Mərkəzin bələdçisi Sevinc Bədəlova şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi ilə tanış edib.
Tədbirdən əvvəl Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi İlknur İsgəndərova qeyd edib ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün əziz məkan, milli simvoldur. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz hissəsidir. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Şuşa Azərbaycan mədəniyyətinin, xüsusilə musiqinin, muğam sənətinin beşiyidir. Eyni zamanda, Şuşa Azərbaycan poeziyasının, ədəbi dilinin vətəni sayılır.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova və bələdçisi Könül Süleymanova öz çıxışlarında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, Qarabağın baş tacı Şuşanın azad edildiyi günün Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazılmasından, ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada aparılan bərpa-quruculuq işlərindən danışıblar. Çıxışçılar 2022-ci ilin “Şuşa İli” elan olunmasının hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratdığı bildiriblər.