18.10.2022
17.10.2022-ci tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 17.10.2020-ci il Gəncə terrorunun ikinci il dönümünə aid "Yaddaşlardan silinməyən Gəncə terroru" başlıqlı anım günü keçirdi. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə kitabxana filialının müdiri Rahilə Qasımova II Qarabağ Vətən müharibəsi zamanı 17.10.2020-ci il tarixdə baş verən Gəncə terroru haqqında ətraflı məlumat verdi. Azərbaycanın Müzəffər ordusu düşməndən torpaqlarımızı geri aldıqca erməni terrorçuları bunun əvəzində ön cəbhədən çox-çox uzaqda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutmuşdur. Cəbhədə Azərbaycan ordusunun qarşısında dayana bilməyən erməni silahlı birləşmələri gecə saat bir radələrində Gəncə şəhərinə ballistik raketlərdən zərbələr endirdi. Həmin gecə 13 nəfər həlak olmuş, onlarla insan yaralanmış, çox saylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə küllü miqdarda ziyan dəymişdir. Gəncəyə atılan raketlər günahsız mülki sakinlərin, körpələrin həyatına son qoydu.
Tədbiri keçirməkdə məqsədimiz yeniyetmə və gəncləri vətənpərvər ruhda tərbiyə etmək I və II Qarabağ müharibəsi zamanı şəhid olan insanların xatirəsini əziz tutmaq və unutmamağa bir çağrışdı.
Tədbirdə 24 saylı məktəbin 8 sinif şagirdləri iştirak etdilər. Məktəblilər də həmin günlərlə bağlı acı xatirələrini danışdılar. Anım günündə Zəhra Bayramova vətənpərvərlik mövzusunda "Müdafiə edim səni" adlı şeiri söylədi. Sonda Gəncə terroru ilə bağlı videoçarx nümayiş etdirildi.