15.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialı Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar “Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirib.
Tədbirdə Gəncə şəhər Əhməd Cavad adına 2№- li tam orta məktəbin müəllim və 4-cü sinif şagirdləri iştirak ediblər.
Tədbirdən əvvəl Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova şagirdlərə Ulu Öndər Heydər Əliyev Xatirə Muzeyi haqqında məlumat verib.
Tədbiri açıq elan edən 16№ - li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova qeyd edib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi İlknur İsgəndərova, bələdçisi Sevinc Bədəlova, Gəncə şəhər Əhməd Cavad adına 2№ - li tam orta məktəbin müəllimi Könül Rəşidova çıxış edərək bildiriblər ki, bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməyə həsr etmiş Ümummilli lider Heydər Əliyev daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək çox qətiyyətli, müdrik qərarlar qəbul etmiş, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin və xalqımızın milli inkişafını təmin etmişdir. Bu gün də Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
Tədbirdə şagirdlər Vətənə, şəhidlərə, Zəfər gününə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialının “Qüdrətli dövlət quruculuğunun banisi – Heydər Əliyev” mövzusunda hazırladığı sərgi nümayiş olunub.