14.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Samux şəhər Mədəniyyət evində Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.Tədbirdə Əhməd Cavadın Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustası olmasından danışıldı. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir. Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamişdı. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı.