12.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 11 saylı kitabxana filialında 11.10.2022-ci il tarixində Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılan balestik raket hücumu ilə bağlı "Gəncə terror qurbanları" adlı informasiya saatı keçirildi.
Tədbir 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi, qadağan olunmuş silahlardan, o cümlədən balistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə 5 dəfə atəşə tutulmuşdur. Terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş vermişdir. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə çoxlu sayda ziyan dəymişdir. Ümumilikdə Gəncəyə olan terror aktı nəticəsində 26 nəfər həlak olmuşdur. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadındır. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.
Tədbirdə kitabxananın oxucuları və Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi iştirak etdi.