04.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı Cəbrayıl şəhərinin işğaldan azad olunması ilə əlaqədar “Zəfər salnaməmizin Cəbrayıl yolu” mövzusunda dəyirmi masa keçirib.
Tədbirdə Gəncə şəhəri 3 saylı Peşə Liseyinin müəllim və şagirdləri iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin bələdçisi Sevinc Bədəlova iştirakçılara Ulu Öndər Heydər Əliyev Xatirə Muzeyi haqqında məlumat verib.
Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən 16 №-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova qeyd edib ki, oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən 2 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli bayrağı sancılıb.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi İlknur İsgəndərova “Vətən müharibəsində azad edilən ilk şəhərimiz Cəbrayıl”, kiçik elmi işçisi Dursun Əliyeva “Cəbrayıl şəhərinin tarixi abidələri”, 3 saylı Peşə Liseyinin müəllimi Qiyafət Əliyeva “Erməni vandalizminin qurbanı olan təhsil müəssisələri” mövzusunda çıxışlar ediblər. 3 saylı Peşə Liseyinin tələbələri Bahar Ələkbərova, Samir Sarıyev və digərləri mövzu ətrafında öz fikirlərini bildiriblər.